Turizm sektorunun səssiz fəryadı

Обновлено: 7 мая 2020 г.



Ölkədə yaxın 5 ilin ən prespektivli sahəsi sayılan, məşğulluq və iqtisadiyyatın inkişafına töhfə verən, strateji sektor elan edilən və bəzən böhranı öz imkanları ilə həll etməyi bilən turizm sektorunun səssiz fəryadı: Batdıqca batırıq, bunun öhdəsindən gəlməyimiz çox çətin olacaq.


Artıq hamımıza məlumdur ki, turizm sənayesi çox həssas dinamikaya malikdir. Təhlükəsizlik, təmizlik, isitfadə olunan avadalıqlar, mədəni və təbii amillərlə yanaşı sağlamlıq da turistlər üçün səyahət etmə səbəblərindən biridir. Koronavirus da bu ilin tətil tendensiyasına təsir edən bir nüans olacaq.

Əlbəttə ki, turizm sektoru digər sektorlar kimi deyil. Misal üçün bu səbəbə görə istehsal sektorunda fəaliyyət göstərən fabrik və ya zavod bağlanmaz, istehsal davam edər. Amma turizm sektorunda vəziyyət başqa cürdür. Otellər canlı mexanizm kimidir və otellər turistlərlə qidalanır. Turist gəlirsə otel yaşayır və işləyir. Eyni şeyi hava yollarına, tur agentliklərə və digər turizm şirkətlərinə də aid etmək olar. Turistlər gəlməyi dayandırdığı müddətcə müxtəlif mənfi yüklü nəticələr avtomatik olaraq ortaya çıxmağa başlayacaq. Bu yalnız Azərbaycana yox, qlobal turizmə də ciddi mənada mənfi təsirini göstərəcək.


Turizm sənayesi dünya iqtisadiyyatı üçün həlledici əhəmiyyətə malikdir. Turizm bu gün Amerikada baş vermiş 9/11 hadisəsindən bəri ən böyük tənəzzülünü yaşayır. Turistlər hava limanlarından istifadədən imtina etməklə və turizm məhsullarını sifariş etməməklə bu vəziyyətə böyük təsir göstərirlər. Bütün dünayaya turist göndərən, qlobal turizm və Azərbaycan üçün ən cəlbedici turizm bazarlarından biri olan Çin turizm bazarı belə bütün səyahətlərini dayandırıb. Bütün dünya səyahətçiləri bu günlərdə gözləmə rejimindədirlər və yaxın aylar üçün heç bir səyahət planı qurmurlar. Nəinki qurmurlar, heç əvvəlcədən sifarişlər belə olunmur. Bütün kütləvi toplantı tədbirləri ləğv olunub. Konsertlər, idman oyunları, beynəlxalq yarışlar, mədəni tədbirlər və s. hamısı bilinməyən vaxta kimi təxirə salınıb. Bir çox dövlətlər ilin sonuna kimi ölkələrinə giriş-çıxışları dayandırıblar.

Əvvəllər, insanların hadisələrə reaksiyaları yumuşaq idi, narahatçılıqlar səyahət etmək istəklərinin qarşısını almırdı, bu da turizm sənayesinin davamlı olduğunu sübut edirdi. Turistlər üçün bu günlərdə əsas narahatlıq səyahətin özü deyil, hər hansı bir destinasiya yerində ilişib, karantində qalmaq düşüncəsidir. Turizm dövranı artıq dəyişdi. Klassik turizm alətləri aktuallığını itirməyə başlayıb.

Turizm biznesində də bu böhranla bağlı fəlakət yaşanır. Tələbin olmaması səbəbindən təsir çox böyükdür və sənaye gəlirlərinin böyük itkisinə səbəb olur. Dünyada yüzlərlə müəssisə virusun yayıldığı ölkələrə səyahətlərini dayandırmaqla reaksiya verib və bu ölkələrdən geri qayıdanlara isə karantin tətbiq edilib. Demək olar ki, dünyanın əksər ölkələri bütün beynəlxalq səyahətləri ləğv ediblər. Yuxarıda qeyd etdiyim kimi pademiyadan çıxış yolu olaraq konfransların, tədbirlərin və korporativ səyahətlərin geniş şəkildə ləğvi oldu. Bir çoxları üçün həll yolu rəqəmsala keçmək, evdən işləmək və rəqəmsal bir şəkildə konfranslarda və tədbirlərdə iştirak etmək prioritet məsələyə çevrildi. İndi videokonfransların sürətlə inkişaf etməsinin şahidi oluruq. Videokonfrans etmek imkanları yaradan şirkətlərin səhmləri sürətlə artmağa başlayıb. Bunun eksi olaraq aviaşirkətlər rezervasiya və uçuş tələbatının olmaması ilə son dərəcə ağır vəziyyətə düşüblər, nəticədə xeyli sayda boş təyyarələr anqarlarda qalıb. Beynəlxalq Hava Yolları Ticarət Təşkilatı, qlobal hava səyahətinə tələbatın 10 ildən artıq bir müddətdə ilk dəfə aşağı düşə biləcəyini xəbərdar edərək, sənayenin gəlirlərini təxminən 30 milyard dollar azaltdı. Bu bir çox böyük hava yollarına (Cathay Pacific, Emirates və s.) təsir etdi və reaksiyaları uçuşları ləğv etmək oldu. Bu vəziyyətdən əziyyət çəkən tək aviaşirkətlər olmayıb, eyni zamanda yeni təyin olunmuş destinasiya məhsuluları da böhranla üzləşib. Turizm sənayesi ölkədə 10 işdən 1-ni dəstəkləyən iş yeri olduğu üçün, tur operatorlar, yerli müəssisələr, restoranlar, otellər, turist olmadığı və səyahət sifarişləri olmadığı üçün potensial iş itkisinə məruz qalıblar. Sektorda maddi imkanı və gücü olan şirkətlər gözləmək və baş verən prosesləri izləmək qərarı verərkən, digər şirkətlər isə müflis olma və işlərinin yaxın vaxtlarda bağlanması qərarını veriblər.


Bəs bu vəziyyətdən necə çıxmaq olar?

Dünyadakı beynəlxalq turizm hərəkatları 1980-ci ildən bəri təəccüblü rəqəmlərə çatsa da, böyüdükcə həssaslaşdı və kövrəkliyini artırdı. Beynəlxalq aləmdə səyahət və turizm gəlirləri artdıqca bu “tortdan” bir pay almaq uğrunda mübarizə böyüdü və rəqabət amansız hal aldı. İllərdir dünyada turizmin inkişafına nəzər salsaq, bəzi dünyada baş verən krizisləri çıxmaq şərtilə (iqtisadi, psixoloji, təbii fəlakət, siyasi, sosial, müharibə, terror və s.), ümumiyyətlə bu gün səyahətdən, turistlərin sayıdan və digər turizm əməliyyatlarından əldə olunan gəlirlərin həcmi xeyli böyükdür və bunun yuxarıya doğru inkişaf etdiyini görürdük. Ümumdünya Turizm Təşkilatının məlumatlarına görə, gələcək illərdə turizm və turizm fəaliyyətinin inkişaf tendensiyasının daha da artacağı gözlənilir. (İnşallah) Bir çox səbəbdən təsirlənsə də, turizm fəaliyyəti bütün dünyada davamlı inkişaf edir və böyüyür, bəzən yavaş və bəzən sürətli olur.

Sadəcə bir az səbirli olmaq lazımdır. Heç vaxt panikaya düşmək olmaz, yavaş-yavaş nə etmək olduğunu planlamaq, düşünmək, həyata keçirmək lazımdır. Bu müddət ərzində qabağı görərək hərəkət etmək faydalıdır. Bizim 2-3 ay, hətta bir az çox müddətimiz var. Nə edəcəyimiz, hara gedəcəyimiz bu müddət ərzində formalaşacaq. Sizə qısa müddətdə nə ilə məşğul olacağınız bəzi tövhsiyələr vermək istərdim:

- Çoxlu sayda faydalı turizm informasiyaları əldə edin

- Yeni turizm trendlərini öyrənin

- Turizmdə BigData-nın idarə olunmasını öyrənin

- Turizm biznesinizə son turizm texnologiyalarını əlavə etməyə çalışın

- Özünüzü və işçilərinizi yenilikçi və peşəkar təlimlərlə yetişdirin

Birdə heç vaxt turizmdən imtina etməyin. Nə yaşamağımızdan asılı olmayaraq, əsla turizmdən imtina etməməliyik. Turizmin gələcəyi bu gün etdiyimiz işlərdən asılıdır. Heç kim bizi paylaşmadığımız biliklərə, bacarıqlara və təcrübələrə görə xatırlamayacaq. Bu gün paylaşmasaq; sabahımız dünənimizə oxşayacaq. Hiss etdiklərinizi söyləyin. Düşündüyünüzü edin. Ölüm qocalıqla gəlmir; unutmaq və unudulmaqla gəlir. Öyrənmək və paylaşmaq faydalıdır.

Просмотров: 137Комментариев: 0

Недавние посты

Смотреть все

BigData nədir?